cemiyyet.info
cemiyyet.info

Prezidentin tapşırıqlarına görə nazir iclas keçirdi - FOTOLAR

7-08-2019, 11:53 19 dəfə baxılıb

Prezidentin tapşırıqlarına görə nazir iclas keçirdi - FOTOLAR

Ölkəmizin iqtisadi inkişafından əldə olunan əlavə gəlirlərin tam həcmdə sosial sahəyə, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi 2019-cu ilin ötən dövründə reallaşan iki mühüm sosial paketdə bir daha əməli şəkildə öz təsdiqini tapdı. Dövlət tərəfindən əlavə olaraq milyardlarla manat vəsait ayrılmasını tələb edən bu inqilabi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin sosialyönümlü olduğunu və vətəndaş rifahının təminatına xidmət etdiyini növbəti dəfə göstərdi.
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.
Nazir bildirib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin birinci yarımilinin yekunları ilə bağlı qeyd edilən göstəricilər Azərbaycanın inamlı inkişafının uğurlu davamından xəbər verir. Müşavirədə cənab Prezident cari il ərzində sosial sahədə reallaşan mühüm islahatlardan bəhs edərkən dedi: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”. Dövlət başçısı “Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik” deyə müşavirədə bəyan etdi.
S.Babayev diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əmək haqqının artımına imkan verib.
Nazir 2019-cu ilin bu uğurlarının sosial sahədə daha bir mühüm nailiyyətlə – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşması ilə davam etdiyini deyib. O bildirib ki, cari ilin may ayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan DOST Agentliyi və ilk DOST mərkəzi ölkəmizin dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməyə imkan verib. Artıq 23 minədək şəxs DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaşların tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq səviyyəsi 4 faiz təşkil edir.
S.Babayev dövlət başçısının tapşırığı ilə cari ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsinin ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardan olduğunu deyib.

S.Babayev 2019-cu ilin birinci yarımilində nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 54 minə yaxın şəxsi işlə təmin etdiyini, 838 nəfərin peşə hazırlığına (Xidmətin xətti ilə 682 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 156 nəfər) cəlb olunduğunu deyib. O, cari il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 4 mindən çox şəxsin təlimlərdən keçdiyini, 1100-dən çox şəxsin aktivlərlə təmin edildiyini deyib. Qeyd edib ki, cənab Prezidentin tapşırığı ilə proqramın genişləndirilməsində beynəlxalq qurumlarla əməkdaşlığa da xüsusi önəm verilir.
Nazir həmçinin dövlət başçısının təşəbbüsü ilə icra olunan “İşsizin DOST-u” proqramı çərçivəsində bu ilin 6 ayında 38 min insanın əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin edildiyini bildirib.
S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, cari ilin 6 ayında 102 min yeni əmək müqaviləsinin (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alındığını, minimum əmək haqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib.

Nazir mühüm sosial proqramların, o cümlədən şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə, həmin kateqoriyaya aid əlilliyi olanların minik avtomobili ilə təminatı tədbirlərini də diqqətə çatdırıb.
İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Heydərov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, Ümumi şöbənin sektor müdiri Günel Nəsibova nazirliyin müvafiq fəaliyyət sahələrində görülən işlər və aparılan islahatların nəticələri barədə məlumat veriblər.
Görülmüş işlərin yekunları ətraflı təhlil olunub.
Prezidentin tapşırıqlarına görə nazir iclas keçirdi - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA